
Çərşənbə günü Honkonqdakı yaşayış kompleksində baş verən yanğın nəticəsində azı 128 nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu şəhərin təhlükəsizlik bürosunun rəhbəri Kris Tan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, çox sayda insan hələ də itkin düşmüş sayılır və bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddət ərzində genişlənib.
Bundan əvvəl 94 nəfərin öldüyü bildirilirdi.
**19:38 (27.11.2025)

Honkonqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.
Senzor.az bildirir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Qeyd olunub ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.
Məlumata görə, daha 280 nəfər hələ də itkin sayılır, 70-dən çox sakin xəstəxanadadır.
Bundan əlavə, ən azı 60 nəfər yaşayış kompleksində qapalı vəziyyətdə qalıb. Nəşrin məlumatına görə, yanğınsöndürənlər binada olan 62 nəfərdən kömək çağırışı alıblar, lakin hazırda onlara çata bilmirlər.
Yanğınsöndürənlər yeddi binadan üçündə yanğınla mübarizə aparırlar, dörd binada isə yanğın tamamilə söndürülüb.
**03:52

Honkonqun şimalındakı Tay Po rayonundakı səkkizbloklu binadan ibarət “Van Fuk Kort” yaşayış kompleksində dəhşətli yanğın baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yanğın 1900 mənzilli binanın üzlüyünün yenilənməsi zamanı qeydə alınıb. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddətdə genişlənib.
İndiyə olan məlumata görə, yanğında azı 36 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 279 nəfərin taleyi isə məlum deyil.
Hazırda kompleksdəki səkkiz binadan dördündə yanğın nəzarət altına alınsa da, digər binalarda alovlanma davam edir.
İlkin araşdırmalar nəticəsində, yanğının sürətlə yayılmasına səbəb ola biləcək standartlara uyğun olmayan tikinti materiallarından istifadə ehtimalı üzə çıxıb. Bu səbəbdən üç tikinti şirkətinin rəhbər şəxsləri səhlənkarlıqda şübhəli bilinərək saxlanılıb.
Hadisə Honkonqda ən yüksək səviyyə olan - beşinci dərəcəli yanğın kimi təsnif edilib.
Hadisə ilə bağlı yerli bələdiyyə üzvləri bildirirlər ki, sakinlər hələ də binalarda qalan yaxınları ilə əlaqə qura bilmədikləri üçün yerli hakimiyyətdən kömək istəyirlər.