
Türkmənistanda İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin arasında görüş planlaşdırılır.
Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Kremlin mətbuat xidməti çərşənbə günü bildirib ki, Putin Beynəlxalq Sülh və Etibar İli, Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş forumda iştirak etmək üçün cümə axşamı Aşqabada səfər edəcək.
"İran və Rusiya prezidentləri Aşqabadda görüşəcəklər",-deyə səfir bildirib.
İran rəsmilərindən verilən açıqlamaya görə, Pezeşkian hazırda Qazaxıstanda səfərdədir və forumda iştirak etmək üçün Türkmənistana oradan gedəcək.
“Report” xatırladır ki, Türkmənistanın neytral statusu ilk dəfə 1995-ci ildə beynəlxalq səviyyədə tanınıb. 2017-ci ildə Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası dekabrın 12-ni Beynəlxalq Bitərəflik Günü elan edən qətnamə qəbul edib.