
Çexiyanın yeni Baş naziri Andrey Babiş Ukraynaya maliyyə yardımının dondurulmuş Rusiya aktivlərindən istifadə edilmədən təmin olunmasının tərəfdarı olduğunu bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu mövqeni o, Brüsseldə “Avropa üçün Vətənpərvərlər” fraksiyasının liderləri ilə görüşə gələrkən səsləndirib.
Ukraynanın maliyyələşdirilməsi bu gün başlayacaq Aİ sammitinin əsas müzakirə mövzusu olacaq.
Babişin sözlərinə görə, Çexiya Avropa İttifaqının Ukraynaya dəstəyinin vacibliyini şübhə altına almır, lakin bu yardım indiyədək mövcud olan mexanizmlər çərçivəsində həyata keçirilməlidir və Praqa əlavə fövqəladə maliyyə zəmanətləri verməyəcək. O, bu fikirləri Avropa məsələləri üzrə parlament komitəsinin iclasında da təkrarlayıb.
Macarıstan isə Kiyevə hər hansı maliyyə dəstəyini rədd edir. Baş nazir Viktor Orban bildirib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi müharibə elanı kimi qiymətləndirilə bilər və Kremlin sərt cavabına səbəb olar. Onun sözlərinə görə, Rusiya Aİ ölkələrinin bu məsələ ilə bağlı səsverməsini diqqətlə izləyəcək.
Hazırda müharibə ilə əlaqədar ümumilikdə 210 milyard avro dəyərində Rusiya aktivləri bloklanıb. Onların 191 milyard avroluq hissəsi Belçikadakı “Euroclear” beynəlxalq depozitar-klirinq mərkəzində saxlanılır. Belçika, Macarıstan, Slovakiya, İtaliya, Bolqarıstan, Malta və Çexiya planın əleyhinə çıxan ölkələr sırasındadır. ABŞ Prezidenti Donald Tramp da bu addıma etiraz edir və aktivləri Rusiya ilə mümkün razılaşmada istifadə etməyi planlaşdırır.