
İran Prezidenti Məsud Pezeşkian çətin iqtisadi vəziyyətlə əlaqədar etirazçıların haqlı tələblərinin öyrənilməsinin zəruri olduğunu bildirib.
Pezeşkian bu barədə fikrini İranda yüksək inflyasiya ilə bağlı keçirilən etiraz aksiyaları ilə bağlı mətbuatda yayılan məlumatlardan sonra açıqlayıb. Nümayişçilərin ən böyük məyusluğu topdan və pərakəndə qiymətlərə təsir edən İran rialının məzənnəsindəki kəskin volatillikdir.
“İnsanların rifahı mənim gündəlik qayğımdır. Gündəliyimizə pul və bank sistemlərində islahatların aparılması, əhalinin alıcılıq qabiliyyətinin qorunması ilə bağlı əsaslı tədbirlər daxildir. Mən Daxili İşlər nazirinə etirazçıların haqlı tələblərini onların nümayəndələri ilə dialoqda dinləməsini tapşırmışam ki, hökumət məsuliyyətli və bütün gücü ilə problemlərin həllinə nail olsun”, - İran Prezidenti özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Daha sonra İran Prezident Administrasiyası rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbatəbai milli valyutanın zəifləməsi fonunda İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzinin istefa verdiyini açıqlayıb.
Azvision.az xatırladır ki, noyabrın sonunda Prezident Məsud Pezeşkian üç il ərzində baş tutacaq İran rialının yenidən denominasiyası haqqında fərman imzalayıb. Təşəbbüs daha əvvəl İslam Respublikasının parlamenti tərəfindən təsdiqlənmişdi.
İranda denominasiya yüksək inflyasiya fonunda baş verir. Ölkənin Mərkəzi Bankının məlumatına görə, noyabrın sonunda illik inflyasiya 38,9% təşkil edib. Bundan başqa, qara bazarda bir ABŞ dolları 1,17 milyon İran rialı dəyərindədir.
Bu arada o da məlum olub ki, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ölkədəki etirazlar fonunda istefa verib. Hələlik onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur.