
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları "qara bazar"da dəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə böyük heroin partiyasını müsadirə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları dekabrın 30-da böyük narkotik partiyasını müsadirə ediblər. İran vətəndaşı saxlanılıb, o, yük maşını ilə qonşu ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotiklər mərmər lövhələrin içinə yerləşdirilmişdi", - deyə o bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi cinayətə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi üçün istintaqı davam etdirir.
"İstintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan maddələri üzrə aparılır", - deyə nazir müavini qeyd edib.