
Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.
Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

"NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqtonun məqsədi təhlükəsiz, düzgün və sağlam düşüncəli dəyişiklik baş verənə qədər Venesuelanı idarə etməkdir: “Biz böyük Venesuela xalqı üçün, o cümlədən hazırda ABŞ-da yaşayan və ölkələrinə qayıtmaq istəyən bir çox venesuelalı üçün sülh, azadlıq və ədalət istəyirik. Venesuela xalqının rifahını düşünməyən başqa birisinin Venesuelanı ələ keçirməsi riskini gözə ala bilmərik. Biz buna imkan verməyəcəyik. Biz indi oradayıq və düzgün keçid mümkün olana qədər orada qalacağıq”.