
İranda hökumət əleyhinə etirazlar ölkənin 31 əyalətinin 185 şəhərində davam edir. 14 gün əvvəl başlayan aksiyaların gedişində həyatını itirənlərin sayı 116-ya çatıb.
Senzor.az bildirir ki, İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, bu günədək baş verən toqquşmalar zamanı ölənlər arasında 37 təhlükəsizlik işçisi və 4 səhiyyə işçisi də var. Hadisələr zamanı bir prokurorun da öldürüldüyü bildirilir.
Göstərilən müddətdə 2 600-dən çox insan yaralanıb, 2638 nəfər isə saxlanılıb. İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
HRANA bir gün əvvəl ölənlərin sayının 66 olduğunu açıqlamışdı.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etirazlar qısa müddətdə ölkənin digər şəhərlərinə də yayılıb.
“Tasnim” 7 yanvarda etirazlar zamanı yaralanan polis məmurlarının sayının 568-ə, Bəsic üzvlərinin isə 66-ya çatdığını bildirsə də, ümumi itkilərlə bağlı məlumat verməyib.
8 yanvarda Tehranda şiddətlənən etirazlar zamanı bəzi qrupların avtobusları, təcili yardım maşınlarını, eləcə də 24 evi, 25 məscidi, 2 xəstəxananı və 26 bankı yandırdığı və vandalizm aktları törətdiyi bildirilib.
Hadisələrdən sonra İran hökuməti ölkə üzrə internetə çıxışı bloklayıb.