
Kosta-Rikanın Kəşfiyyat və Təhlükəsizlik İdarəsi Prezident Rodriqo Çavesə qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısını aldığını açıqlayıb.
Məlumatı "Repretel" telekanalı yayıb.
"Bu gün mən respublika Prezidentinin həyatına təhlükə barədə məxfi mənbədən aldığım məlumata əsasən cinayət işi qaldırmaq üçün buradayam... Biz prosesi sürətləndirmək üçün dərhal tədbirlər gördük. Sui-qəsd planında şübhəli şəxsi müəyyən etdik; o, sosial mediada çox aktivdir", - Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin rəhbəri Xorxe Torres Kastilyo telekanala açıqlamasında bildirib.
Sui-qəsd fevralın əvvəlində keçiriləcək seçkidən bir neçə gün əvvəl baş tutmalı imiş.
Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin məlumatına görə, təşkilatçı ən azı iki nəfərlə əlaqə saxlayıb. Hazırda istintaq aparılır.
Şübhəli şəxs isə özünü təqsirli bilmir.
Kosta-Rikada prezident seçkisinin fevralın 1-də keçirilməsi planlaşdırılır. R.Çavesin səlahiyyət müddəti isə mayın 8-də başa çatır.