
İran sərhədi yaxınlığında ABŞ-a məxsus "Northrop Grumman MQ-4C Triton" pilotsuz kəşfiyyat təyyarəsi qeydə alınıb.
Bu barədə dünya üzrə təyyarələrin hərəkətini izləyən "Flightradar24" məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarəsi Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazadan qalxaraq Fars körfəzi üzərindəki hava məkanına daxil olub. Daha sonra pilotsuz təyyarə geri dönməzdən əvvəl Oman körfəzinə uçub.
Təxminən eyni vaxtda, "Lockheed C-130J Hercules" sərnişin təyyarəsi Qətərdə yerləşən bir bazadan havaya qalxıb.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 banka, üç tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürən maşına, 42 avtobus və təcili yardım maşınına, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ı təqsirləndirib.