
Ağ Ev Qəzza sektorunda formalaşdırılmış Sülh Şurasının tərkibini açıqlayıb.
Senzor.az bildirir ki, Ağ Evin yaydığı bəyanatda belə deyilir.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurası konsepsiyasının həyata keçirilməsi məqsədilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahələrində təcrübəyə malik liderlərdən ibarət icraedici Şura formalaşdırılıb.
Sülh Şurasının tərkibinə ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bler, amerikalı milyarder Mark Rouen, Dünya Bankının rəhbəri Acay Banqa, eləcə də ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil edilib.
ABŞ Mərkəzi Komandanlığının Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı general-mayor Casper Ceffers isə Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbəri təyin olunub.
Bəyanatda vurğulanır ki, general-mayor Ceffers təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad dayanıqlı mühitin yaradılması məqsədilə təhlükəsizlik əməliyyatlarına rəhbərlik edəcək, hərtərəfli demilitarizasiyanı dəstəkləyəcək, həmçinin humanitar yüklərin və bərpa üçün nəzərdə tutulan materialların təhlükəsiz çatdırılmasını təmin edəcək.