
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Suriyadakı hadisələrin Türkiyə tərəfindən yaxından izlənildiyini, bu ölkənin birliyi, həmrəyliyi və ərazi bütövlüyünün Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib. Prezident Ərdoğan qeyd edib ki, inkişaf etmiş, terrordan azad və dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək.
Telefon danışığı zamanı Qəzza məsələsinə də toxunulub. Prezident Ərdoğan Qəzzada sülhün bərqərar olması istiqamətində səylərin davam etdiyini, Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcəyini bildirib və Qəzza Sülh Şurasına dəvətə görə Trampa təşəkkür edib.