
ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçiriləcəyi gözlənilir.
Bu barədə Amerikanın "Axios" internet portalının əməkdaşı Barak Ravid "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, ərəb dövlətlərindən birindəki mənbəsinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir.
Belə ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İran tərəfinin danışıqların Türkiyədə olmaması barədə xahişinə razılıq verib.
Ərəb və müsəlman dövlətlərinin Omandakı danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr isə, jurnalistin əlavə etdiyi kimi, hələ də davam edir.