
Kolumbiya Prezidenti Qustavo Petro ölkə xaricində yaşayan narkobaronların siyahısını amerikalı həmkarı Donald Trampa verib və onların təqibi üçün birgə səylərin zəruriliyini bildirib.
Bu barədə TASS məlumat yayıb.
"Narkotik qaçaqmalçılığı ilə məşğul olanların əksəri Dubay, Madrid və Mayamidə yaşayır. Mən onların və həmin şəxslərə yaxınlığı ilə tanınanların adlarını Trampa ötürmüşəm. Əsas qruplaşma liderləri bunlardır. Qaçaqmalçıların pulları Kolumbiya xaricində yerləşir və biz müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə birgə əməkdaşlıqla onları təqib etməliyik", - deyə o, Vaşinqtonda ABŞ lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Petronun sözlərinə görə, transmilli narkotik qaçaqmalçılığını məğlub etmək üçün əvvəlcə cinayətkar zəncirlərin liderlərini həbs etmək lazımdır: "Onların arasında kolumbiyalılar da var, lakin əksəriyyət təşkil etmirlər".
Qeyd edək ki, Tramp və Petro fevralın 3-də Ağ Evdə danışıqlar aparıblar. Görüşdən sonra ABŞ prezidenti narkotik qaçaqmalçılığı ilə mübarizədə əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.
2025-ci ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyi Kolumbiya Prezidentinə, həyat yoldaşına və oğluna qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb.
Tramp iddia edib ki, Kolumbiya və Meksika tamamilə narkotik kartellərinin nəzarəti altındadır. Petro narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərilməməsi ilə bağlı ittihamları əsassız hesab edir.