
Fransa Prezidenti Emmanuel Makron İtaliya Baş naziri Ciorcia Meloninin Lyonda millətçi fəal Kventin Derankın ölümü ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Hindistana rəsmi səfərinin sonunda danışan Makron Melonini “başqalarının ölkəsində baş verənləri şərh etməyi dayandırmağa” çağırıb. “Qoy, hər kəs öz işi ilə məşğul olsun”, – deyə Fransa lideri bildirib.
O əlavə edib ki, “öz ölkələrində müdaxilə istəməyən millətçilərin başqalarında baş verənləri ilk şərh edənlər olması” onu təəccübləndirir.
İtaliyanın Baş naziri isə “SkyTG24” kanalına müsahibəsində Makronun sözlərinə cavab verərək, mövqeyinin müdaxilə kimi qiymətləndirilməsini qəbul etməyib. “Fransa xalqı ilə həmrəyliyimi ifadə etmək müdaxilə deyil. Bu məsələ açıq şəkildə hamını narahat edir”, – deyə Meloni vurğulayıb.
O, həmçinin İtaliya, Fransa və ABŞ-da müşahidə etdiyi gərgin ictimai mühitdən narahat olduğunu bildirərək, siyasi elitaları cəmiyyəti onillərlə geriyə apara biləcək radikallaşma riskinə qarşı düşünməyə çağırıb.
Meloni daha əvvəl sosial şəbəkədə paylaşım edərək, 23 yaşlı millətçi fəalın ölümünü “bütün Avropa üçün yara” adlandırmışdı. İtaliyanın xarici işlər naziri Antonio Tajani isə ölkəsində “respublikanın ən qaranlıq illərində çoxlu Kventinlərin olduğunu” deyərək, 1970–1980-ci “Qurğuşun illəri”ndə ifrat sağ və sol qruplar arasında baş verən zorakılıqlara işarə edib.
Qeyd edək ki, Kventin Derank Lyon şəhərində ölümcül hücuma məruz qalıb. Hadisə ilə bağlı Rafael Arnonun parlament köməkçisi qətldə iştirak ittihamı ilə istintaqa cəlb olunaraq müvəqqəti həbs edilib. Daha altı nəfər hakim qarşısına çıxarılıb, onlardan ikisi qəsdən adamöldürmə ittihamı ilə mühakimə olunur.
Lyon prokuroru Tyeri Dran bildirib ki, şübhəlilərdən üçü ifrat sol qruplarla əlaqələrini etiraf edib.
Hadisə Fransa ilə İtaliya arasında diplomatik gərginliyə səbəb olub və siyasi dairələrdə geniş müzakirələr doğurub.