
Çin ilə Şimali Koreya arasında 6 illik fasilədən sonra sərnişin qatarlarının hərəkəti bərpa olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilk qatar yerli vaxtla martın 12-də saat 10-da Çinin şimal-şərqindəki Liaonin əyalətinin Dandon şəhərindən yola düşüb. Beş vaqondan ibarət qatar cədvəl üzrə yerli vaxtla saat 18:07-də Şimali Koreyanın paytaxtı Pxenyana çatmalıdır.
Dandon şəhərinin sərhəd-keçid məntəqəsinin müfəttişi Son Pin bildirib ki, qatardakı sərnişinlərin sərhəd-gömrük proseduru yarım saat çəkir.
Çin Dövlət Dəmir Yolu Qrupundan verilən məlumata görə, Dandon-Pxenyan sərnişin qatarları hər iki istiqamətdə gündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Çin ilə Şimali Koreya arasında sərnişin qatarlarının fəaliyyəti COVID-19 virusunun yayılmağa başladığı dövrdə - 2020-ci ilin yanvarında dayandırılıb.