
Böyük Britaniya Hörmüz boğazında yaranmış böhranı aradan qaldırmaq məqsədilə 30-dan çox ölkənin iştirakı ilə virtual görüş keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün təşkil olunacaq görüş problemin həlli istiqamətində ilk addım kimi qiymətləndirilir və daha sonra detalları müzakirə etmək üçün işçi səviyyəsində iclasların keçirilməsi planlaşdırılır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, bu ölkənin xarici işlər naziri İvett Kuperin sədrliyi ilə keçiriləcək virtual tədbirin məqsədi böhranın həlli yollarını tapmaqdır. Onun sözlərinə görə, görüşdə dəniz nəqliyyatının azadlığını bərpa etmək, blokadada qalan gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək, həmçinin mühüm yüklərin daşınmasını yenidən başlatmaq üçün bütün mümkün diplomatik və siyasi tədbirlər müzakirə olunacaq.
Müzakirələrdə diqqətçəkən məqamlardan biri Amerika Birləşmiş Ştatlarının (ABŞ) iştirak etməməsidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu marşrutun təhlükəsizliyinin təmin edilməsinin ölkəsinin məsuliyyəti olmadığını bildirərək müttəfiqlərə “öz neftinizin tədarükünü və təhlükəsizliyini özünüz təmin edin” çağırışını edib.