
İraq parlamenti bu gün keçirilən ikinci tur səsvermədə Kürdüstan Vətənpərvərlər Birliyinin namizədi Nizar Məhəmməd Səid Amidini ölkənin Prezidenti seçib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nizar Məhəmməd Səid səsvermə zamanı 227, digər namizəd, deputat Müsənna Əmin Nadir isə 15 səs qazanıb.
Yeddi seçki bülleteninin etibarsız hesab edildiyi bildirilir.
Xatırladaq ki, 2003-cü ildən sonra formalaşan siyasi sistemə əsasən Prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu seçkidə Kürdüstan Demokrat Partiyası Fuad Hüseynini, Kürdüstan Vətənpərvərlər Birliyi isə Nizar Amidini namizəd göstərib.
17 namizədin iştirak etdiyi seçkidə Amidi qalib gəlib və parlamentdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.
İraq Konstitusiyasına görə, Prezidentin səlahiyyət müddəti 4 ildir və o, yalnız bir dəfə yenidən seçilə bilər. Seçkidən sonra Prezident 15 gün ərzində ən böyük blokun namizədini hökuməti formalaşdırmaq üçün təyin etməlidir.
Qeyd edək ki, İraqda parlament seçkisi 2025-ci il noyabrın 11-də keçirilib, lakin siyasi razılaşma əldə olunmadığından hökumət hələ də formalaşdırılmayıb.
Onu da qeyd edək ki, Nizar Amidi daha əvvəl Kürdüstan Vətənpərvərlər Birliyinin Bağdad ofisinə rəhbərlik edib, həmçinin Prezidentin müşaviri və ətraf mühit naziri vəzifələrində çalışıb.