
"Serbiya Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaq naminə veto hüququndan, eləcə də avrokomissar vəzifəsindən imtina etməyə razıdır".
Bunu ölkənin Xalq Skupşinasının (birpalatalı parlament) sədri Ana Brnabiç Praqada baş tutan "Globsec Forum" təhlükəsizlik konfransındakı çıxışı zamanı deyib.
"Aİ-yə çətinliklər və maneələr yaratmaq məqsədilə daxil olmuruq. Bizə veto hüququ gərək deyil. Komissar da istəmirik. Üstəlik, ümid edirik ki, İttifaqa qəbulumuzdan sonra komissarların sayı azalacaq, bu isə Avropa administrasiyasının fəaliyyətinin səmərəliliyini artırmağa imkan verəcək. Bu həm vətəndaşlarımız, həm də şirkətlərimiz üçün vacibdir. Biz inanırıq ki, Avropanı siyasi, iqtisadi və strateji baxımdan daha güclü edəcəyik", - deyə Ana Brnabiç vurğulayıb.
Oxu.az xatırladır ki, hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ-yə üzvlük üçün namizəd statusuna malikdirlər. Brüssel, tanınmayan Kosovoya da bu statusun verilməsi ilə razılaşması üçün Belqrada təzyiq göstərir ki, bu da əslində həmin bölgənin müstəqilliyinin rəsmi şəkildə tanınması deməkdir.