
Türkiyənin müxalif “Vətən” partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini “ittifaqın dəfn mərasimi” adlandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, ABŞ və İsrailin yaratdığı təhdidlərə qarşı çıxa biləcək yeganə qüvvənin Türkiyə, Rusiya, Çin və İrandan ibarət ittifaq olacağını bəyan edib.
“İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti təşkilatın dəfn mərasimi olacaq. Türkiyə üçün NATO sistemində müstəqillik, suverenlik, təhlükəsizlik və ya iqtisadiyyat yoxdur, ona görə də ittifaqdan çıxmalıdır”, - o, İstanbulda NATO iclasına həsr olunmuş konfransda bildirib.
Perinçek vurğulayıb ki, Türkiyə, Rusiya, Çin və İran arasında ittifaqın yaradılması dörd ölkə üçün zəruri və qaçılmazdır: “Bu onlar və bütün bəşəriyyət üçün müharibənin qarşısını almağın yeganə həllidir. Bu ittifaq ABŞ və İsrailin yaratdığı təhlükəni cilovlaya bilən qüvvədir”.
Xatırladaq ki, Doğu Perinçek analoji təkliflə əvvəllər də çıxış edib. Amma bir az fərqli şəkildə.