
Fransa Prezidenti Emmanuel Makron Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, o, gəlişindən sonra etdiyi çıxışında Suriyanın keçid hökumətinə dəstəyini ifadə edib və Yaxın Şərqdə sülh və sabitliyin yeni səhifəsini açmağa çağırıb.
"Mən qonşuları ilə plüralizmə və sülhə sadiq qalacaq suveren, vahid Suriyanın yaradılması işində Fransanın Suriya xalqını dəstəkləməyə sadiq olduğunu təsdiqləmək üçün gəlmişəm. Gəlin birlikdə regionda sülh və sabitliyin yeni səhifəsini açaq", - Makron vurğulayıb.
O, Suriyanın regional gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.
Hava limanında Makronu Suriyanın xarici işlər naziri Əsəd Əl Şeybani qarşılayıb. Fransa lideri Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşmək üçün Prezident Sarayına yollanıb. Onu Suriyanın müharibədən sonrakı bərpası və yenidən qurulmasına həsr olunmuş dəyirmi masada iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.
Qeyd edək ki, Emmanuel Makron 2024-cü ilin sonunda Əhməd əl-Şaraanın hakimiyyətə gəlişindən sonra Suriyaya səfər edən ilk Qərb lideridir. Bu, eyni zamanda, 2009-cu ildə Nikola Sarkozinin səfərindən sonra Fransa Prezidentinin Suriyaya ilk səfəri kimi yadda qalacaq.