
Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, zərərçəkənlərin böyük əksəriyyəti, təxminən 100 min nəfəri Madrid və Avila sakinləridir, qalan 15 min nəfər isə Kastelyondandır.
Bildirilir ki, gecə saatlarında intensivliyin azalmasına baxmayaraq, Madriddəki yanğın hələ də lokallaşdırılmayıb. Alov paytaxt bölgəsində və Avilada 45 000 hektardan çox ərazini məhv edib. Kastelyonda yanğının perimetri 21 kilometrə çatır. İspaniyada alovun məhv etdiyi ümumi sahə təxminən 131 113 hektar təşkil edə bilər.
Madrid rəsmiləri izah ediblər ki, bu gün yenidən yüksək temperatur, aşağı rütubət və küləyin istiqaməti ilə bağlı qeyri-müəyyənliklə səciyyələnəcək ki, bu da yanğınların söndürülməsi səylərinə birbaşa təsir göstərəcək.
Bu arada Ankara Madridin Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi vasitəsilə göndərilən çağırışını nəzərə alıb və İspaniyanın meşə yanğınlarının söndürülməsində kömək edilməsi xahişinə cavab olaraq Krallığa iki təyyarə göndərib. 
Türkiyənin İspaniyadakı səfirliyinin bəyanatında “dost və müttəfiq İspaniyaya bütün mümkün dəstəyin göstərilməsinə hazır olması” vurğulanıb. “Ankara təbii fəlakətlərlə mübarizədə beynəlxalq həmrəylik prinsipinə sadiqdir. İspaniyada yanğınların tez bir zamanda dayandırılmasına ümid edirik”, - deyə diplomatik nümayəndəlik vurğulayıb.
Buna cavab olaraq, Avropa Parlamentinin İspaniyadan olan üzvü Naço Sançes Amor təbii fəlakətlə mübarizədə göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.