Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının ali lideri Haybatulla Axundzadə hazırda Qəndəhardadır.
Bu barədə “Sinxua” agentliyinə təşkilatdan bildirilib.
“Taliban” nümayəndəsi Bilal Kərim Axundzadənin tezliklə ictimaiyyət qarşısına çıxacağını söyləyib.
“Al Jazeera” kanalı isə hərəkatdakı mənbələrə istinadən onun Əfqanıstanın yeni hökuməti ilə bağlı Qəndəhar əyalətində keçirilən danışıqlarda iştirak etdiyini açıqlayıb. Məlumata görə, yeni hökumətlə bağlı məsləhətləşmələr Əfqanıstanın aparıcı siyasətçiləri, tayfa və müxtəlif etnik qrupların liderləri ilə aparılır. Axundzadədən başqa, “Taliban”ın siyasi qanadının lideri və onun müavini Əbdül Qani Baradar da Qəndəhardadır.
Əvvəllər "Taliban"ın əsas düşərgəsi bu şəhərdə yerləşib. 2016 -cı ildə ABŞ-ın hava hücumu nəticəsində Axtar Məhəmməd Mansurun öldürülməsindən sonra təşkilat Axundzadəni yeni lideri elan etdi.