
Pentaqon İranla müharibə zamanı yaranan silah və sursat çatışmazlığı fonunda ölkənin hərbi sənayesindən istehsal və tədarük həcmini sürətlə artırmağı tələb edib.
Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Bildirilib ki, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün əhəmiyyətli dərəcədə artırılması, kritik silahların istehsalı və çatdırılması ilə bağlı planlarını təqdim etmək üçün üç həftə vaxt verib.
Pentaqon silah istehsalının artırılması üçün yeni müəssisələrin və istehsal imkanlarının genişləndirilməsini də istəyib.
“İllərlə davam edə biləcək istehsal dövrləri qəbuledilməzdir. İndi istehsal tempini kəskin şəkildə sürətləndirmək və həcmi artırmaq lazımdır”, - Faynberq bildirib.
Qəzet daha əvvəl yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı azalan silah ehtiyatları barədə Pentaqon rəhbəri Pit Heqsetin onu yanlış məlumatlandırdığını düşünür.
Tramp ABŞ-da sursat çatışmazlığı barədə məlumatların mediaya sızdırılmasına görə məsul şəxslərin axtarıldığını və onların həbs cəzası ilə üzləşə biləcəyini bildirib.
Xatırladaq ki, müxtəlif mənbələrin məlumatına görə, ABŞ ordusu İranla müharibədə THAAD sistemləri üçün raketlərin təxminən 80 faizini, “Patriot” raketlərinin isə təxminən yarısını istifadə edib.