
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın ABŞ və İsrailin zərbələrindən sonra öz nüvə obyektlərini bərpa etməsinə dair sübutlarının olmadığını bildirib.
Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Qrossi bildirib ki, Tehranın nüvə proqramı üzrə danışıqlar müharibə səbəbindən çıxılmaz vəziyyətdə qalıb. O, həmçinin qeyd edib ki, İranın sərəncamında olan təxminən 440 kq yüksək dərəcədə zənginləşdirilmiş uran hələ də ötən il 12 günlük müharibə zamanı yerləşdiyi yerdə qalmaqdadır.
"Obyektlərə ciddi ziyan dəyib. Ola bilsin ki, onlar öz infrastrukturunun bir hissəsini bərpa etməyə başlayırlar, bunu inkar etmək olmaz, lakin bunun baş verdiyinə dair inandırıcı sübutlar yoxdur. Beləliklə, bu məsələ həll olunmamış ciddi problemlərdən biri olaraq qalır", - Qrossi bildirib.
"Biz hazırıq və ümid edirəm ki, orada işimizi ən qısa zamanda bərpa edə biləcəyik", - o əlavə edib.
Senzor.az xatırladır ki, bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami BAEA-nın ABŞ və İsrailin oyuncağına çevrildiyini bəyan etmişdi.
M.İslami BAEA-nın nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini xatırlatmışdı: "Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmişdi və yoxlanılırdı; Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır.
Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır; lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər, parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir".