
Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ruslarla bağlı açıqlamalarını təxribat hesab edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olduğu barədə sözlərinə münasibət bildirərkən deyib.
Zaxarova qeyd edib ki, bu açıqlamalar Rusiyada mümkün səfərbərliklə bağlı dəfələrlə təkzib edilmiş spekulyasiyalar fonunda səsləndirilib.
Onun sözlərinə görə, Simonyanın bu cür bəyanatları mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir: “Simonyanın açıqlamalarını təxribat xarakterli hesab edirik. Bu fikirlər Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir”.
Zaxarova Simonyanın sözlərini Ermənistan hakimiyyətinin “Qərbə və Kiyev rejiminə yarınmaq cəhdinin növbəti göstəricisi” adlandırıb. O, bu tip açıqlamaların Rusiya–Ermənistan əməkdaşlığına zərər vurduğunu bəyan edib.
Xatırladaq ki, Alen Simonyan avqustun 13-də Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, bundan əvvəl beş il Ermənistan Milli Assambleyasının sədri olub.