
Görünür, Ankara daimi atəşkəsə nail olmaqda israrlıdır. Antalyada keçirilmiş üçtərəfli görüşdən sonra Çavuşoğlunun Lavrovla iki, Kuleba ilə bir dəfə telefon danışığı da bunu təsdiqləyir.
Çavuşoğlu dünən jurnalistlərə açıqlamasında humanitar dəhlizlərin açılması istiqamətində irəliləyişin olduğunu demiş və yaxın günlərdə xoş xəbərin olacağını bildirmişdi. O, bu fikri Lavrovla telefon danışığından sonra səsləndirmişdi. Belə qənaət yaranır ki, Rusiya sanksiyaların "nəfəsini" artıq hiss edir. Odur ki, daha konstruktiv mövqe sərgiləməyə çalışır.

Eyni zamanda, ola bilsin, liderlər səviyyəsində təmaslar, o cümlədən görüşlər gündəmə gəlsin. Çünki hər üç tərəf başa düşür ki, "iş cığırından çıxır". Müharibənin daha da uzanması tərəflərə sərf etmir. Hərçənd Qərbin istədiyi də məhz budur. Odur ki, müəyyən mənada Kiyevi dəstəkləyir və daimi atəşkəsin təmin olunmasına mane olur.
Proseslər onu göstərir ki, Çavuşoğlu ilə Lavrovun müzakirələri daha gərgin keçir. Bu təbiidir. Çünki Kremlin ambisiyaları daha çoxdur. Kiyev isə sadəcə rus qoşunlarının ölkəsindən çıxmasını istəyir.
Görüşlərin gərgin və səmərəli keçəcəyini düşünmək olar. Yəqin ki, diplomatlar müzakirələrdən sonra jurnalistlərə açıqlamalarında bu barədə də deyəcəklər.
Bütün məkrli planlara rəğmən, Ankaranın "bu oyunu pozacağına" ümid edək.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti