İran Prezidenti İbrahim Rəisi Oman Sultanı Haytam ibn Tarikin dəvəti ilə Maskat şəhərinə səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İ.Rəisinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti mehriban qonşuluq diplomatiyası və siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi məqsədilə mayın 23-ü Omana gedəcək.
Oman Sultanı ilə rəsmi görüş, bir sıra əməkdaşlıq müqavilələrinin imzalanması, Omanda yaşayan iranlılar və omanlı iş adamları ilə görüş səfərin gündəliyindədir.
Yeri gəlmişkən, bu arada İran və Oman arasında qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar bərpa olunub. Bu barədə jurnalistlərə Omana səfər edən İranın neft naziri Cavad Oci ilə omanlı həmkarı Məhəmməd bin Həmd-ül Rəmhi arasında keçirilən görüşdən sonra məlumat verilib.
Bildirilir ki, İran qazının Omana nəqli üçün boru kəmərinin tikintisi üzrə danışıqların bərpasına dair razılıq əldə edilib. Həmçinin Henqam neft yatağının birgə işlənməsi haqqında razılaşma əldə olunub.
O da qeyd olunur ki, Henqam yatağı İran və Oman arasında yeganə birgə neft yatağıdır.