“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qalıb", - Ərdoğan bildirib.
Prezidentin sözlərinə görə, Türkiyə NATO-dan terrorla mübarizə üçün diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyir: “NATO-nun bədəlini ödəyən ölkə olaraq biz açıq diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyirik”.
Ərdoğan bildirib ki, İsveçin NATO-ya üzvlüyü müzakirə edilərkən Türkiyə Stokholmun Ankaraya qarşı sanksiyalarını “kənara qoya bilməz”.
"NATO və üzv olduğumuz beynəlxalq təşkilatlarda oynadığımız həyati rol bəlli olsa da, bəzi müttəfiqlərimiz hələ də sanksiyaların ləğvindən danışır. Biz İsveçin bizə qarşı sanksiyalarını bir kənara qoya bilmərik", - Ərdoğan bildirib.
Türkiyə daha əvvəl bəyan edib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi təminatlara inana bilmir. Ərdoğanın fikrincə, Türkiyə razılaşarsa, NATO “təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək”.