Ukrayna mediası ölkədə kimyəvi faciələrə səbəb olacaq dəhşətli partlayışın baş verməsi barədə məlumat yayıb.
Xəbər saytları Rusiya ordusunun aviazərbələri nəticəsində Severodonetskdəki kimya zavodunun vurulduğunu yazıblar.
Qeyd edilir ki, zavodun ərazisində içərisində azot turşusu olan sisternlər partladılıb. Nəticədə bölgədə kimyəvi faciə təhlükəsi yaranıb.
Luqansk vilayətinin başçısı Sergey Qayday faktı təsdiqləyərək vətəndaşlara çağırış edib ki, onlar təcili şəkildə soda məhlulunda isladılmış üz maskaları hazırlamalıdırlar.
Rusiya da artıq məlum hadisəni təsdiq edib. Oradakı yerli saytlar ərazinin Ukrayna hərbçilərinin nəzarətində olduğunu əsas gətirərək faciəyə də səbəb kimi Kiyevi göstəriblər.
Azvision.az xatırladır ki, azot turşusu tənəffüs yolu ilə qəbul edildikdə, dəri və selikli qişalarla təmasda olduqda ciddi təhlükələr yaradır. Turşu buxarları tənəffüs yollarını qıcıqlandırır, o, yüngül zəhərlənmə ilə bronxit, başgicəllənmə əlamətləri, hətta ağır zəhərlənmə və ağciyər ödeminə də səbəb olur.