Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.
Senzor.az bildirir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Teleqram”da yazıb. Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.
**11:38
Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.
Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.
Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub. O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.
Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da “Instagram”da və martın 19-da “YouTube”da Rusiya Silahlı Qüvvələrinin Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.