Əfqanıstanın “Ariana Afghan Airlines” milli aviakompaniyası yaxın vaxtlarda Hindistan, Çin və Küveytə müntəzəm uçuşları bərpa etməyi planlaşdırır.
“The Times of India” qəzeti bu barədə aviakompaniyanın rəhbəri Rəhmətullah Ağaya istinadən məlumat yayıb.
“Tezliklə Hindistana, həmçinin Çin və Küveytə uçuşlarımız bərpa olunacaq. Hindistanda çoxlu Əfqanıstan vətəndaşı var və bizim ticarət maraqlarımız bu ölkə ilə bağlıdır”, - deyə Rəhmətullah Ağa bildirib.
Hazırda “Ariana Afghan Airlines” aviakompaniyasının təyyarələri Qətərin paytaxtı Dohaya həftədə iki dəfə planlı uçuş həyata keçirir, həmçinin daxili reysləri yerinə yetirir.
Qeyd edək ki, 2021-ci il avqustun sonlarında “Taliban” hərəkatı paytaxt Kabili ələ keçirdikdən və hakimiyyətə gəldikdən sonra Əfqanıstanın dünya ölkələri ilə hava əlaqəsi kəsilib.