Hindistan polisi ölkənin müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı yaranmış qalmaqaldan sonra keçirilən kütləvi nümayişlərdə 400-dən çox insanı saxlayıb.
Yerli KİV bildirir ki, Uttar Pradeş ştatının səkkiz rayonunda 300-dən çox, Qərbi Benqalın iki rayonunda 100-ə yaxın adam saxlanılıb.
Rançi şəhərinin polis idarəsi isə məlumat yayıb ki, Carxand əyalətinin paytaxtındakı qarşıdurmalarda iştirak edən şəxslərlə bağlı 25 araşdırmaya başlayıb. Hansı ki, burada iki nəfər öldürülüb.
Qeyd edək ki, Hindistanda ölkə məscidlərində cümə namazından sonra kütləvi aksiyalar keçirilib. İnsanlar Məhəmməd peyğəmbəri təhqir edənlərin həbs edilməsi tələbi ilə bir sıra ştatlarda küçələrə çıxaraq təhlükəsizlik işçiləri ilə toqquşublar.
Azvision.az xatırladır ki, Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı qalmaqal Hindistanda hakim Bxaratiya Janata Partiyasının nümayəndəsi Nipur Şarmanın milli televiziyada debat zamanı bir sıra açıqlamalarından sonra başlayıb. Onun sözləri bir sıra müsəlman dövlətləri, o cümlədən İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik qalmaqala da səbəb oldu. Onlar müsəlmanlara qarşı bəyanatları pisləyib, bir sıra ölkələr Hindistan səfirlərini çağıraraq onlara etiraz ediblər.