İran Prezidenti İbrahim Rəisi Türkmənistanla əlaqələri təkcə qonşuluq deyil, həm də sivilizasiya, mədəni, qohumluq, güclü qardaşlıq münasibətləri adlandırıb.
Senzor.az-ın irna.ru-ya istinadən məlumatına görə, Rəisi çərşənbə günü türkmən həmkarı Sərdar Berdiməhəmmədov ilə keçirdiyi mətbuat konfransında deyib ki, Türkmənistanın yüksək səviyyəli nümayəndə heyətinin Tehrana səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər.
İran hökumətinin başçısı son üç onillikdə iki ölkə arasında yaxşı əlaqələrə işarə edərək, onun bir neçə ay əvvəl Aşqabada səfərinin qaz mübadiləsi, tranzit və nəqliyyat kimi sahələrdə əməkdaşlığın artmasına səbəb olduğunu qeyd edib.
Rəisi Türkmənistanla iqtisadiyyat, su və enerji sahələrində əməkdaşlığı inkişaf etdirməyə çağırıb.
İran Prezidenti həmçinin keçmiş türkmən həmkarına (Qurbanqulu Berdiməhəmmədova-indiki Prezidentin atasına-red.) iki ölkə arasında əlaqələrin inkişafına görə təşəkkür edib və ümidvar olduğunu bildirib ki, bu tendensiya oğlunun rəhbərliyi altında davam edəcək.
Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlar Tehran və Aşqabadın əlaqələrin genişləndirilməsi istiqamətində ciddi iradəsindən xəbər verir. "Bugünkü razılaşmaların həyata keçirilməsi və növbəti iki onillik üçün Türkmənistanla əməkdaşlıq sənədinin imzalanması planımız Aşqabadla əlaqələrin vacibliyini göstərir", - o əlavə edib.
Rəisi Xəzəryanı ölkələrlə əməkdaşlığı İranın xarici siyasətinin prioritetlərindən biri adlandıraraq deyib ki, İslam Respublikası Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitini dəstəkləyir.
Prezident həmçinin Əfqanıstanla bağlı iki ölkənin ümumi mövqeyindən danışıb, ölkədə bütün siyasi partiyaların iştirakı ilə inklüziv hökumətin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, regionda xarici ölkələrin mövcudluğu ilə bağlı problemlər barədə də xəbərdarlıq edib.
Sərdar Berdiməhəmmədov da öz növbəsində iranlı həmkarı ilə görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı və mədəni əlaqələrin genişləndirilməsinin müzakirə edildiyini bildirib: “Mən İran Prezidentini Aşqabadda keçiriləcək Xəzər sammitində iştirak etməyə dəvət etdim”.
Türkmənistan Prezidenti Əfqanıstandakı vəziyyətdən danışarkən bəyan edib ki, Aşqabad ölkədə çiçəklənən hökumət istəyir.
Xatırladaq ki, Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədov İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə dünən bu ölkəyə iki günlük rəsmi səfərə gedib.
Senzor.az