İyunun 19-da Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilib.
AZƏRTAC bildirir ki, ölkə seçiciləri solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim ediblər.
50,69 faiz səslə Qustavo Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub. Rodolfo Hernandes seçicilərin 47,04 faizinin səsini toplayıb.
Solçu Tarixi Pakt koalisiyasının təmsilçisi mühafizəkar elitanın idarə etdiyi ölkəyə rəhbərlik etmək üçün üçüncü dəfə idi ki, namizədliyini irəli sürürdü. Kolumbiyalıların dəyişiklik istəyinin daha güclü olması nəticəsində ölkə yeni siyasi dövrə qədəm qoyur.
Kolumbiyanın paytaxtı Boqotanın keçmiş meri, iqtisadçı, senator, 62 yaşlı Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq. Qustavo Petronun seçki kampaniyasının əsas tezisləri ABŞ ilə azad ticarət sazişinin şərtlərinə yenidən baxılması, ekoloji cəhətdən daha təmiz enerji mənbələrinə keçidlə neft və kömürdən istifadənin azaldılması, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlar üçün vergi endirimləri, pulsuz ali təhsil, qadınların, yerli xalqların hüquqlarının müdafiəsidir.