Türkiyə və İsrail səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa etməyə hazırlaşır. Artıq bu istiqamətdə işlər aparılır.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Ankarada israilli həmkarı Yair Lapid ilə birgə mətbuat konfransında deyib.
Türkiyəli nazirin sözlərinə görə, Ankara və Təl-Əviv arasında müsbət dialoqun davamı olaraq, yaxın gələcəkdə iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri planlaşdırılır.
Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə İsrail arasında uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizlik sektorudur. “Türkiyə və İsrail davamlı olaraq kəşfiyyat məlumatı mübadiləsi aparır. Bu məsələ prezidentlər səviyyəsində də müzakirə olunub. Təhlükəsizlik strukturları daimi təmasdadır”, - deyə türkiyəli nazir bildirib.
Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb ki, Ankara Türkiyəyə səfər edən xarici vətəndaşlara qarşı hər hansı təhdidlərə imkan verməyəcək. “Türkiyədə heç bir hesablaşmaya və ya terror aktlarına icazə verməyəcəyik. Müvafiq mesaj artıq verilib”, - Çavuşoğlu Türkiyədə İsrail vətəndaşlarına qarşı terror təhlükəsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
Fələstin-İsrail münaqişəsinə toxunan türkiyəli nazir qeyd edib ki, Ankara fikir ayrılıqlarının “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır.
İsrailli nazir də öz növbəsində “İran sui-qəsdini ifşa etdiyinə görə” Türkiyə xüsusi xidmət orqanlarına təşəkkür edib.
“Ümid edirəm ki, israillilər tezliklə Türkiyəyə yenidən səfər edəcəklər. Eyni zamanda, Türkiyə vətəndaşları da tezliklə İstanbuldan uçuşlarla Qüdsə birbaşa səfər edə biləcəklər”, - israilli nazir bildirib.
Senzor.az