“Rusiya Prezidenti Vladimir Putinin Tehrana səfər edəcəyi dəqiqdir, lakin səfərin konkret tarixi hələ müəyyən edilməyib".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin İrana səfəri və Astana sammitində iştirak imkanları ilə bağlı suala cavab olaraq deyib.
Xatırladaq ki, Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bir neçə gün əvvəl RİA Novosti-yə müsahibəsində Suriya üzrə Rusiya-Türkiyə-İran sammitinin yayın və ya ilin sonuna qədər baş tuta biləcəyi barədə açıqlama vermişdi.
"Əgər zirvə toplantısı avqustun sonuna qədər keçirilsə, bu yaxşı iş olacaq. Mən başa düşdüyüm qədər, onu daha gec tarixə - bu ilin sonuna təxirə salmaq variantı da ola bilər”, - Lavrentyev bildirmişdi.
Daha əvvəl isə İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı bəyan etmişdi ki, İranda COVID-19 ilə bağlı epidemioloji vəziyyət yaxşılaşdığından bu ölkədə üç prezidentin təxirə salınmış görüşü ən qısa zamanda keçirilə bilər.
Onu da xatırladaq ki, sonuncu dəfə liderlər 2020-ci ilin iyulunda danışıblar, lakin birgə görüş videokonfrans formatında olub.