“Bu səhər mənim Ağ Evin rəhbəri Co Baydenlə telefon danışığım olub”.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaranın “Esenboğa” hava limanında Madriddə NATO sammitinə uçmazdan əvvəl keçirdiyi brifinqdə deyib.
“Bayden bu axşam və ya sabah yenidən söhbət etmək arzusunda olduğunu bildirdi. Mən belə bir görüşü istisna etmədim”, – deyə Ərdoğan bildirib.
Dövlət başçısı xatırladıb ki, Ankara ilə Vaşinqton arasında dialoqun gündəminin əsas mövzularından biri Türkiyənin F-16 təyyarələri alması və artıq “Turkish Air”in xidmətində olan bu tipli təyyarələrin modernləşdirilməsidir.
“Bu məsələ hələ də açıqdır. Biz prosesi ləngitmək cəhdlərini müşahidə edirik”, - deyə siyasətçi bildirib.
Türkiyə lideri daha sonra ABŞ-ın Suriyadakı siyasətini tənqid edib. Ərdoğan “Əgər Türkiyə və ABŞ iki NATO müttəfiqidirsə, o zaman bütün silahlar PYD-yə (PKK terrorçularının Suriya qanadı – red.) necə verilir?”- deyə sual edib.
Türkiyə dövlət başçısı daha sonra Madriddə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşmək fikrində olmadığını açıqlayıb.
Ərdoğan xatırladıb ki, onun şəxsi dəvəti ilə təşkil edilən Türkiyə səfərindən cəmi 2-3 həftə sonra Yunanıstanın baş naziri ABŞ Senatının tribunasından Ankaranı tənqid edib.
“Biz Yunanıstan hakimiyyətinin əsl simasını bilirik. Ankara ilə dialoqdan yayınıb müxtəlif hiylələrə əl atanlar üçün bizim mövqeyimiz aydındır. Ona görə də NATO sammiti çərçivəsində mən Mitsotakislə görüşmək fikrində deyiləm. Biz artıq Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Strateji Şura ilə bağlı razılaşmadan çıxmışdıq. Bu mövzu bizim üçün qapalıdır. Bundan sonrakı bütün təmaslar Yunanıstan rəhbərliyinin hərəkətlərindən asılıdır”, - deyə siyasətçi bildirib.
Senzor.az