Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak da adanın rusiyalılardan təmizləndiyini təsdiqləyib. O, “Tvitter”də yazıb: “İlan adasında artıq rusiyalılar yoxdur. Ukrayna Silahlı Qüvvələri əla əməliyyat keçiriblər”.
Rusiya Müdafiə Nazirliyi isə qoşunlarının adadan çıxarılmasını tamam başqa səbəblə izah edib: “Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər. Belə ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.
“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardmanı altında qalıb.