Biz Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verməyəcəyik, Kiyevi nə qədər lazımdırsa, dəstəkləyəcəyik.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
Ağ Ev rəhbəri bildirib ki, yaxın günlərdə Vaşinqton Ukraynaya 800 milyon dollar məbləğində yeni hərbi yardım paketini açıqlayacaq.
Amerika liderinin sözlərinə görə, NATO ölkələri Alyansın müdafiə gücünü birgə artırmağa hazırdırlar. “Raketdən müdafiə sahəsində yeni silah paketi planlaşdırılır. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - deyə Bayden bildirib.
O, həmçinin İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına əminliyini ifadə edib.
Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarə parkının təkmilləşdirilməsi mövzusunu şərh edən Bayden qeyd edib ki, ABŞ bu təyyarələri Ankaraya tədarük etməlidir.
“Biz F-16-ları Türkiyəyə satmalı və təkmilləşdirməliyik. Hər hansı başqa addım ABŞ-ın maraqlarına uyğun deyil. Biz Konqresdən dəstək almalıyıq və düşünürəm ki, biz bu təsdiqi alacağıq”, - ABŞ Prezidenti bildirib.