Xəbər verdiyimiz kimi, bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Senzor.az Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.
Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.
**17:41
Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.
Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.