“Alt-İnfo” tərəfdarları Gürcüstanın paytaxtı Tbilisidə keçirdikləri aksiyada Avropa İttifaqının bayrağını yandırıblar.
Gürcüstan mediasının yaydığı xəbərə görə, parlamentin önündə başlayan aksiya ilə "Gürcü Arzusu"nun mərkəzi qərargahına, oradan isə Avropa İttifaqının Tbilisidəki ofisinə doğru yürüş edən aksiyaçılar "Yaşasın Gürcüstan" şüarı səsləndiriblər.
Cinsi azlıqların "Tbilisi Pride" aksiyasının əleyhinə olan "Alt-İnfo" hərəkatının tərəfdarları Avropa İttifaqı ofisinin qarşısında Avropa İttifaqının bayrağını yandırıblar.
Onlar qışqıraraq Aİ səfirinə “Get, get”, - deyə müraciət ediblər.
Aksiyaçıların sözlərinə görə, Avropa Gürcüstanla dostluq istəyirsə, gürcü xalqını olduğu kimi qəbul etməlidir.
Xatırladaq ki, iyunun 28-dən iyulun 2-dək Gürcüstanda Tbilisi Pride Həftəsi keçirilir. LGBT icmasının nümayəndələri qapalı formatda bir neçə tədbir – film nümayişi, QHT-lərlə görüş və festival keçiriblər. Mühafizəkar və radikal qrupların nümayəndələri isə tədbirləri pozmağa söz veriblər.
Son məlumata görə, Tbilisi polisi Mtatsminda parkı yaxınlığında LGBT tədbirinə müdaxilə etməyə cəhd edən 17 nəfəri saxlayıb.
Polisin məlumatına görə, müxaliflər yolu bağlamağa və insanların tədbirə getməsinə mane olmağa çalışıblar.
17 nəfərin hamısı xırda xuliqanlıq və hüquq-mühafizə orqanları əməkdaşlarının əmrinə tabe olmamaq adı ilə saxlanılıb.
Onu da qeyde edək ki, polis dünən festivalın keçirildiyi yerə gedən yolu bağlamağa çalışan LGBT-lərin daha 26 əleyhdarını saxlamışdı.