Boris Conson Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar partiyasının lideri vəzifələrini tərk etmək qərarına gəldiyini, lakin torinin yeni lideri seçilənə qədər hökumət başçısı səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirib.
Senzor.az BBC telekanalına istinadən bildirir ki, Boris Conson Londonun mərkəzindəki Downing Street küçəsində yerləşən iqamətgahı qarşısında çıxışı zamanı dünyanın ən yaxşı vəzifəsini təəssüflə tərk etdiyini vurğulayıb.
“Mühafizəkar partiya yeni liderinin və müvafiq olaraq yeni hökumət başçısının olmasını istəyir. Mən yeni seçkilər prosesinin ləngimədən başlamalı olduğu barədə mühafizəkar deputatları birləşdirən “1922-ci il Parlament Komitəsinin” rəhbəri Qrem Breydi ilə razılaşdım. Seçkilərin keçiriləcəyi tarix gələn həftə müəyyənləşəcək. Mən yeni rəhbər seçilənə qədər vəzifəsini icra edəcək yeni Nazirlər Kabinetini elan etməkdən məmnunam”, - deyə Boris Conson bildirib.
O, həmçinin Mühafizəkar partiyanın və hökumətin gələcək liderini maksimum dəstəkləyəcəyini vəd edib və istefasından sonra Birləşmiş Krallıq hökumətinin Ukraynaya lazımınca yardım göstərəcəyini deyib.
Qeyd edək ki, Boris Conson bu günə qədər baş nazir postunda 1079 gün keçirib. Onun sələfi Tereza Mey isə vəzifəsini 1106 gündən sonra tərk etmişdi. Lakin Boris Conson mühafizəkarların yeni lideri seçilənə qədər hökumətə rəhbərliyini davam etdirərsə, müddət göstəricisinə görə sələfini ötə bilər.