Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrini gücləndirməyə çalışır.
Senzor.az bildirir ki, Prezident Co Baydenin gələn həftəyə planlaşdırılan Ər-Riyada səfəri öncəsi “Vaşinqton Post” qəzetində dərc olunmuş “Mən Səudiyyə Ərəbistanına niyə gedirəm?” başlıqlı məqaləsində belə deyilir.
Amerika lideri iyulun 13-16-da İsrailə, İordan çayının qərb sahilinə (Fələstin) və Səudiyyə Ərəbistanına səfərini ABŞ və bütövlükdə Yaxın Şərq regionunun maraqları baxımından əhəmiyyətli adlandırıb.
O qeyd edib ki, “daha təhlükəsiz Yaxın Şərq Amerikanın bir çox sahələrdə maraqlarına uyğundur” və səfərin məqsədlərinə çatmaq üçün intensiv diplomatiya ilə məşğul olacaq.
Bununla da Bayden Yaxın Şərqin 18 ay əvvəlkindən - vəzifəyə gəldiyi vaxtdan daha sabit və təhlükəsiz olduğuna diqqət çəkib.
Ağ Ev rəhbəri yazır ki, onun sələfi Donald Trampın İranla nüvə sazişindən çıxması Tehranı nüvə proqramını gücləndirməyə məcbur etdi, buna görə də Vaşinqton Tehranı sazişə qaytarmaq üçün diplomatik səylərini davam etdirir.
Bayden daha sonra yazır ki, ABŞ Səudiyyə Ərəbistanına qarşı açıq qapı siyasətinə yenidən baxıb.
Məqalə müəllifi xatırladıb ki, Ağ Ev jurnalist Camal Kaşıkçının qətli ilə bağlı kəşfiyyat hesabatını yayıb və krallıqda 76 nəfərə sanksiya tətbiq edib.
Bununla belə, o qeyd edir ki, Səudiyyə Ərəbistanı hazırda Yəməndə atəşkəs səylərini dəstəkləyir və neft bazarlarında vəziyyəti sabitləşdirmək üçün OPEK ilə işləyir. Bayden bildirib: “Əvvəldən məqsədim 80 ildir strateji tərəfdaşımız olan ölkə (Səudiyyə Ərəbistanı) ilə münasibətləri yenidən istiqamətləndirmək və bu əlaqələri pozmamaq idi”.
Ağ Evin rəhbəri qeyd edib ki, çoxları onun Səudiyyə Ərəbistanına səfərinə qarşı çıxır və əmin edir ki, İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanında danışıqların mərkəzində insan haqları olacaq.
“Mənim prezident kimi işim ölkəmizi güclü və təhlükəsiz etməkdir. Biz Rusiyanın təcavüzünə müqavimət göstərməli, Çini ötüb keçmək üçün özümüzü ən yaxşı mövqedə tutmalı və dünyanın mühüm regionunda daha böyük sabitlik uğrunda çalışmalıyıq”, – Prezident vurğulayıb.
Bunun üçün, Prezidentin fikrincə, ABŞ bu cür işlərin nəticələrinə təsir edə biləcək dövlətlərlə birbaşa əlaqə saxlamalıdır. Onlardan biri Səudiyyə Ərəbistanıdır.
Co Bayden iddia edir ki, Səudiyyə Ərəbistanı liderləri ilə görüş “Amerikanın fundamental dəyərlərinə sadiqliyi qoruyarkən ümumi maraqlara və məsuliyyətlərə əsaslanan” strateji tərəfdaşlıq üçün lazımdır.
Ağ Ev rəhbəri qeyd edib ki, o, cümə günü İsraildən Ciddəyə təyyarə ilə gedən ilk prezident olacaq. Və bu səfər İsraillə ərəb dünyası arasında münasibətlərin yaxşılaşmasının simvoluna çevriləcək.
Ağ Ev rəhbəri Yaxın Şərq və Şimali Afrikada hələ də İranın nüvə proqramı, Suriyadakı vətəndaş müharibəsi, ərzaq təhlükəsizliyi böhranı, İraq, Liviya və Livanda terror, siyasi və insan haqlarının pozulması kimi problemlərin olduğuna diqqət çəkib.
Prezident qeyd edib ki, səfər zamanı bu sahələrdə tərəqqinin əldə olunmasının vacibliyindən danışacaq.
Bayden, həmçinin Yaxın Şərqdə daha çox sabitliyə və təhlükəsizliyə ümid etdiyini bildirib.
Senzor.az