İsrail, Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin üzv olduqları I2U2 (ingilis dilində bu dövlətlərin adlarının baş hərfləri-senzor.az) qrupunun videokonfrans formatında keçirilən ilk iclasında qarşılıqlı maraq doğuran digər sahələrlə yanaşı, ərzaq təhlükəsizliyi və təmiz enerji təşəbbüsləri sahəsində birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.
AZƏRTAC bildirir ki, iclasın yekununa dair imzalanmış birgə bəyanatda deyilir: “Dörd ölkənin təsis etdiyi bu unikal qrup su, enerji, nəqliyyat, kosmos, səhiyyə və digər sahələrdə birgə investisiyalara və yeni təşəbbüslərə xüsusi diqqət yetirəcək, dünyamızın üzləşdiyi ən böyük problemlərin həlli üçün cəmiyyətləri səfərbər edəcək və sahibkarlar üçün əlavə imkanlar yaradacaq. Bu fəaliyyətlər, xüsusilə ərzaq və enerji təhlükəsizliyini əhatə edəcək”.
Qrupun ilk iclasında ictimai səhiyyəni və peyvəndlərə əlçatanlığı yaxşılaşdırmaq, infrastrukturu modernləşdirmək və Yaxın Şərq ölkələri arasında əlaqələri inkişaf etdirmək üçün özəl sektorun kapitalını və təcrübəsini səfərbər etməyin zəruriliyi vurğulanıb. Dörd ölkənin başçıları, həmçinin tullantıların idarə olunması üçün yeni layihələrin hazırlanması, startapların I2U2 sərmayələrindən bəhrələnməsi, birgə investisiya sahələrinin araşdırılması, yaşıl texnologiyaların inkişafının təşviqi məsələlərini də müzakirə ediblər.
Açılış iclasında liderlər “qlobal şokları daha yaxşı idarə edə biləcək uzunmüddətli və çoxşaxəli qida istehsalı layihələrinə üstünlük veriləcəyini vurğulayıblar.