Pakistanda son sutka ərzində musson yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfər artaraq 312 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pakistanın təbii fəlakətlərlə mübarizə milli idarəsi məlumat yayıb.
Məlumata görə, daşqınlar nəticəsində Sind əyalətində 11 nəfər həlak olub. Kəraçi və Heydərabad şəhərlərinə sutka ərzində 204 millimetr yağıntı düşüb. Kəraçidə elektrik enerjisinin uzun müddət kəsilməsi, içməli suyun çatışmaması və əlverişsiz hava şəraitindən zərər çəkən sakinlərə lazımi kömək göstərilməməsi ilə əlaqədar etirazlar başlayıb.
Paytaxt İslamabadın və Ravalpindi şəhərinin bəzi rayonlarını, o cümlədən beynəlxalq hava limanını su basıb. Bu, uçuşların ləğvinə və paytaxtı ölkənin digər hissəsi ilə birləşdirən magistral avtomobil yollarında hərəkətin dayanmasına səbəb olub.
Bəlucistanda daşqınlar Kvetta-Kəraçi avtomobil yolunda körpüləri dağıdıb. Hakimiyyət orqanları təhlükəli ərazilərdə yerləşən onlarla kəndin əhalisini təxliyə etməyə başlayıb. Hökumət daşqınlardan zərər çəkən əhaliyə təcili yardım göstərilməsi üçün silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirib.