İrəvan yaxınlığındakı “Surmalu” ticarət mərkəzində partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Ermənistanda iki günlük matəm başlayıb.
Senzor.az xatırladır ki, ölkədə matəm elan olunması barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.
“Sputnik Armeniya” saytı xəbər verir ki, səhər saatlarında dövlət müəssisələri üzərindəki bayraqlar endirilib. Ölkədə bütün bayram tədbirləri ləğv olunub, telekanallarda əyləncəli proqramların yayımı dayandırılıb.
“Surmalu” topdansatış ticarət mərkəzinin ərazisində axtarış-xilasetmə işləri gecə boyu davam etdirilib.
Son məlumata görə, avqustun 14-də baş vermiş partlayış və yanğın nəticəsində 16 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və dörd yaşlı uşaq da var.
Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi açıb.