Ermənistanda bələdiyyə binasına soxulmuş silahlı şəxs intihar edib.
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Məlumata görə, Ermənistan polisi rəisinin birinci müavini Aram Oovannisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları içəri girərək başından güllə yarası almış Masis şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryanın meyitini aşkar ediblər.
Polislər arasında ölən və yaralanan yoxdur.
**00:40
Ermənistan polisi Masis şəhər bələdiyyəsinin binasına girmiş silahlı şəxsi zərəsizləşdirib.
APA-nın xəbərinə görə, bu barədə Masis şəhər bələdiyyəsinin müavini Norayr Akopyan məlumat verib.
Silahlı şəxsin saxlanması üçün əməliyyat 3 saatdan çox davam edib. Hadisə zamanı binada mühafizəçi və xadimə olub.
**23:32(19.08.2022)
Qumbara və tapança ilə silahlanmış naməlum şəxs Ermənistanın Masis (Uluxanlı) şəhərinin meriyasına daxil olub.
"Sputnik Ermənistan" bildirir ki, bu barədə Masis şəhərinin vitse-meri Norayr Akopyan məlumat verib.
"Təxminən iki saat əvvəl sərxoş vətəndaş meriyanın binasına daxil olub. Bundan sonra partlayış olub. Xoşbəxtlikdən binada işçilər olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb. O, hazırda bizimlədir". Akopyan bildirib.
İlkin məlumata görə, şəxs tapançadan bir neçə dəfə atəş açıb. Onun hələ də qumbarasının ola biləcəyi güman edilir.
Vitse-mer qeyd edib ki, həmin şəxs heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil. Onun şəxsiyyəti də müəyyən edilməyib. Hazırda partlayış və ya atəş səsləri eşidilmir.
Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.