Türkiyə Futbol Federasiyasının binasına atəş açan şəxslər yaxalanıb.
“Haber Global”ın məlumatına görə, bunu hadisənin baş verdiyi əraziyə gələn Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O, binaya hücum edən iki şübhəlinin saxlanıldığını açıqlayıb. Nazirin sözlərinə görə, ərazidən 11 giliz aşkar edilib. Güllələrdən beşi binaya dəyib.
**20:41(01.09.2022)
Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik məlumat verib.
O bildirib ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt binaya odlu silahdan 5 güllə atılıb.
Bu güllələrdən biri Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üstündən keçib. Silahlı hücumda yaralanan və ya ölən olmayıb.
Çelik məsələnin bütün tərəflərinin araşdırıldığını bildirib.