Bu gün saat 12 radələrində Bakının Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, 35 yaşlı Əfsanə Qalabəylinin həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirdiyi bəlli olub.
Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış.
Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.
Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb...
Xatırladaq ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
**13:18
Paytaxtda qadın ərini qətlə yetirib.
Senzor.az bildirir ki, bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-si saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.