Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Senzor.az TƏBİB-ə istinadən bildirir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hamısı qadındır) vəziyyəti ağır, 1 nəfərinki (kişi olmaqla) isə orta-ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin silkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
Qəza zaman ölənlərin 7-sinin adı məlum olub: Göyşaban kənd sakini, Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.
**17:31
TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN Mətbuat Xidməti Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin verdiyi məlumata görə, hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində baş verib.
İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lerik və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
**17:11
Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən bu rayonun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
Senzor.az bildirir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda sərnişinlərin əksəriyyəti yaşlı adamlar olub.
Qəza nəticəsində 8 nəfər ölüb, yaralananlar da var.
Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov və Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev xəbəri təsdiqləyiblər.
Hadisə yerinə FHN əməkdaşları da gəlib.
Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.